
Dilçilik İnstitutu: "Dünyada dillərin 40 faizi yox olmaq təhlükəsi altındadır"



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi sessiya keçirilib.
"Report"xəbər verir ki, tədbirdə İnstitutun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov, filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnurə Ələkbərova və başqa dilçi alimlər iştirak edib.
N.Məmmədli tədbirin əhəmiyyəti və müzakirə ediləcək mövzular barədə məlumat verib.
R.Heydərov Azərbaycanda dil siyasəti barədə məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycanda dövlət dilinə qayğı həmişə ön planda olub:
"Xüsusən də, ölkənin siyasi rəhbərliyinə qayıdan Heydər Əliyevin və onun siyasi kursunun davamçısı İlham Əliyevin prezidentliyi dövründə dilimizə dövlət qayğısı artıb və dil siyasəti hazırda da uğurla davam etdirilir. Bununla bağlı mütəmadi olaraq işlər görülür və ardıcıl siyasi kurs özünü göstərir. Bu da ölkə Prezidentinin apardığı uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir".
Daha sonra qloballaşan dünyada ana dili problemi mövzusunda çıxış edən E.Ələkbərova vurğulayıb ki, dünyada 7 mindən çox dil istifadə olunur: "Bu dillərin 40 faizi yox olmaq təhlükəsi altındadır. UNESCO-nun statistikasına görə, 14 gündə bir dil yox olur".
Onun sözlərinə görə, dil müxtəlifliyinin inkişafina hər ölkədə şərait yaradılmır: "Bu səbəbdən də heç olmasa bir gün dünyaya çağırış edilir. Beynəlxalq Ana Dili Gününün qeyd edilməsinin bir məqsədi də dil və mədəni müxtəlifliyə kömək etmək, məhv olan dilləri müdafiə etməkdən ibarətdir. Bu, elə bir bayramdır ki, əhatə dairəsi çox genişdir. Sevindirici haldır ki, bu gün dilimiz yaşayır, hələ ki, təhlükədən uzaqdır. Lakin buna baxmayaraq, dilimizin funksionallığını genişləndirməliyik".